Hər kəsin həyatında mütləq çox maraqlı bir hadisə vardır. Lakin bu hadisə nə qədər maraqlı olursa olsun ağlımızdan keçən və hal-hazırda bir çox kimsənin fərqində belə olmadığı böyük macəraya görə çox sadədir. O hadisənin başladığı gün, həyatınızdakı ən əhəmiyyətli gündür. Məktəbə başladığınız gün, işə girdiyiniz gün, evləndiyiniz gün və bunlara bənzər bütün günlərdən daha əhəmiyyətli bir gündür. O gün, "bölünməyə" başladığınız gündür.

Hal-hazırda neçə yaşınızda olursanız olun, hal-hazırdakı tarixdən yaşınızı və təxminən doqquz ayı daha çıxartsanız o bölünmə gününə çatarsınız. O tarixdə siz tək bir hüceyrədən ibarət idiniz. Ananızın qarnında yeni döllənmiş tək bir yumurta hüceyrəsi, hal-hazırda "mən" dediyiniz şeyi meydana gətirirdi. Deyərkən bölündünüz, iki yeni hüceyrə oldunuz. Sonra yenə bölündünüz, dörd hüceyrə oldunuz. Bu bölünməniz sürətlə davam etdi. Bir müddət sonra-adına embrion deyilən-bir ət parçası oldunuz. Sonra sümükləriniz, damarlarınız, ürəyiniz, dəriniz, gözünüz, qulağınız, daxili orqanlarınız oldu. Bir müddət sonra ürəyiniz atmağa başladı. Görən, eşidən, hiss edən, danışan və düşünən oldunuz.
Və bunların hamısı, gözümüzlə belə görə bilmədiyimiz bir hüceyrənin bölünməyə başlaması nəticəsində ortaya çıxdı. Yer üzündə yaşayan canlıların hamısı, özünüzdən tutmuş ata, filə ya da bir ağcaqanada qədər hamısı, bir zamanlar tək bir hüceyrədən ibarətlər idi. Amma hər səfərində o tək hüceyrə bölünərək çoxaldı və nəticədə o ilk hüceyrədən 100 milyon qat daha böyük, 6 milyard qat daha ağır olan insanlar dünyaya gözlərini açdılar.

 

İNSANA "ŞƏKİL VƏ SURƏT" VERİLMƏSİ 

Yuxardakı sətirlərdə bəhs etdiyimiz "bölünmə" prosesi şübhəsiz, sadə bir iş deyil. Bölünərək çoxalmanın reallaşması üçün ilk hüceyrənin özünü köçürməsi, bu surətlərin də sıraları gəlincə bölünüb bənzər surətlər çıxarmaları, beləliklə zamanla eyni hüceyrədən milyonlarla surət meydana gəlməlidir. Lakin bütün bu proses göründüyündən daha mürəkkəb və əsrarəngizdir. Çünki bölünmə prosesinin bir mərhələsində, köçürülən hüceyrələrdən bəziləri haradan gəldiyi aydın ola bilməyən bir əmrlə digər qardaşlarından fərqliləşməyə və tamamilə dəyişik quruluş qazanmağa başlayarlar. Bu şəkildə, ortaq bir ana hüceyrədən gələn hüceyrələr, bölünmə prosesi içində zamanla fərqliləşib ayrı-ayrı toxumaları və orqan sistemlərini meydana gətirərlər. Bəzisi işığa qarşı həssas göz hüceyrələrini, bəzisi qaraciyər hüceyrələrini, bəzisi istini, soyuğu ya da ağrını qəbul edən sinir hüceyrələrini və ya səs titrəşmələrini hiss edəcək hüceyrələri meydana gətirərlər.

Yaxşı, belə bir iş bölgüsü necə meydana gəlir; bir hüceyrə, öz-özünə göz hüceyrəsi olmağa qərar verə bilməyəcəyinə görə bu qərar kimə aiddir?
Bu hüceyrələrin sahib olduqları DNT, yəni genetik məlumat eynidir. Aradakı fərq isə çıxardıqları zülallardadır. Fərqli zülalları çıxaran iki hüceyrə, quruluş olaraq da fərqliləşər. Bu qardaş hüceyrələr eyni hüceyrədən meydana gəldikləri, eyni genetik məlumata sahib olduqları halda necə olur ki, birdən fərqli zülalı çıxarıb fərqli quruluş və xüsusiyyətlər sərgiləməyə başlayarlar? Tamamilə bir-birlərinin surəti olduqları halda bir-birlərindən fərqli zülallar çıxarmaları əmrini kim vermişdir?
Şübhəsiz, bütün bu suallar açıq-aydın şüurlu və idarəli bir yaradılışın var olduğunu ortaya qoyur. Necə ki, Quran, bizlərə insanın yaradılışını belə açıqlayır:

Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq. Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik. Sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır! (Muminun surəsi, 12-14)

Məhz insan hüceyrələrinin bölünmə prosesi əsnasında mükəmməl bir hesab və uyğunlaşma ilə insan bədənini meydana gətirmələrinin sirri, yuxardakı ayələrdə izah edilən yaradılış sirrindən, Allahın sonsuz gücündən qaynaqlanır. Hər hüceyrə, Allahın özünə ayırdığı vəzifəni yerinə yetirir, O, özünə "Ol" əmri ilə nəyi olmağı əmr etdisə, o hala gəlir. Bu səbəblədir ki, insanın bədəni Allahın iradəsi ilə heç bir iradəsi olmayan hüceyrələr tərəfindən qüsursuz olaraq meydana gətirilər. Hüceyrələr bölünərək çoxalar və əskiksiz bir insan burnu, əli, göz qapağı ya da böyrəyi meydana gətirərlər. Lazım olduğu qədər çoxalar, tam zamanında da dayanarlar. Halbuki, əgər üstün bir ağılın idarəsində olmasaydılar, çoxalmağa davam edə bilərlər, məsələn, insan burnunu bir fil xortumu qədər edə bilərdilər. Halbuki, bu şüursuz varlıqların hərarətli bölünməsi nəticəsində ortaya həm daxili orqanları, həm də xarici görünüşü baxımından qüsursuz bir insan çıxır.

İnsanı yaradan iradə əlbəttə ki, bu hüceyrələrə aid ola bilməz. Yaradan ancaq Allahdır ki, bütün kainatı özünə boyun əydirdiyi kimi insan bədənindəki ən kiçik parçanı da əmrinə boyun əydirmişdir. Necə ki, Quranda da belə deyilir:

Şübhəsiz ki, nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz. Bətnlərdə sizə istədiyi surəti verən Odur. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Müdrikdir. (Ali imran surəsi, 5-6)

Bir başqa ayədə Allah yaratmış olduğu insana belə səslənir:

Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı. (İnfitar surəsi, 6-8)

İnsan açıq-aşkar bir şəkildə Allah tərəfindən yaradılmışdır. Hər hara baxsa, bu yaradılmışlığın izlərini görə bilər. Halbuki, insanın zehnini bulanıqlaşdıran və onu bu böyük həqiqətə qarşı kor edən, yuxardakı ayədə deyildiyi kimi "aldadan" bir şeylər vardır. Təkamül, məhz bu "aldadan" ların öndə gələnlərindəndir. Ancaq kainatın ən böyük həqiqətini rədd etməyə çalışan bu nəzəriyyə, canlıların hər mərhələsi incələndiyində təbii olaraq bir dəfə daha çökür.
Yuxarda toxunduğumuz hüceyrə bölünməsi prosesi də bunların biridir. Təkamülün israrlı müdafiəçilərindən alman elm adamı Hoimar Von Ditfurth, ana bətnindəki əsrarəngiz inkişafdan belə bəhs edir:
"Tək bir yumurta hüceyrəsinin bölünməsinin, necə olub da bir-birlərindən elə fərqliləşmiş saysız hüceyrənin doğuşuna gətirib çıxardığı, bu hüceyrələr arasında özbaşına olan ünsiyyət və əməkdaşlıq, elm adamlarının ağıl edə bilmədiyi hadisələrin başında gəlir. Bu gün olub bitəni az-çox açıqlaya biləcək nəzəri damlar yaradılsa da, hadisə tamamilə suallar yumağından meydana gəlir.” (Hoimar Von Dithfurth, "Dinozavrların səssiz gecəsi",  2-ci cild, səh.126)
Von Ditfurth, təkamülün məğlubiyyətini gizləmək üçün lazımlı "nəzəri damlar"ın varlığı kimi mənasız bir əlavə etsə də, hadisənin təkamül tərəfindən əsla açıqlana bilmədiyini qəbul etmək məcburiyyətindədir. Təkamülün digər öndə gələn müdafiəçiləri də, tək bir hüceyrənin inkişaf edərək fərqli-fərqli orqan və toxumaları meydana gətirib 100 trilyon hüceyrəli bir insan halına gəlməsini açıqlaya bilmir, bu möcüzəni təkamülün qaranlıq bir nöqtəsi olaraq təyin edirlər.

 

MÜHÜM QƏRAR

Yuxarıda hüceyrələrin ancaq bölünmə və fərqliləşmə prosesindən çox kobud xətləriylə danışdıq. Əslində hadisə daha çox mürəkkəb və təfərrüatlıdır.
Bölünmə nəticəsində bir-birinin eynisi olan iki hüceyrə meydana gəlir. O iki hüceyrə də böyüyüb bölünəcək, bir-birinin surəti olan dörd hüceyrə meydana gələcək və bu proses belə davam edəcək. Əgər bu "normal" proses davam etsə, ana qarnından bir körpə deyil, böyük bir ət parçası çıxacaq.
Halbuki, bəzi bölünmələrdən sonra quruluş və vəzifə baxımından bir-birlərinin surətləri olan hüceyrələrdən birində sanki bir açar fırlanar. Və hüceyrə bölünməyə davam etmək yerinə, birdən öz quruluşunu təyin edəcək xüsusi bir zülal çıxarmağa başlayar. Digər hüceyrə isə əkiz qardaşının əksinə bir şey çıxarmaz və bölünməyə davam edər. Onun nəvəsinin nəvəsi olan və dörd-beş bölünmədən sonra yaranan hüceyrələrdən biri yenə birdən fərqliləşər. O da tam fərqli bir zülal çıxarmağa başlayar. Beləcə, eyni atadan gəlmələrinə baxmayaraq, fərqli xüsusiyyətlərə sahib yüzlərlə hüceyrə meydana gələr.
Təkamülçülərin nəzərdə tutduğu "elm", bütün bu hadisələri müşahidə edə bilər, amma məntiqini açıqlaya bilməz.
Fərqliləşmə prosesində hüceyrələr sanki vəzifələrini bilirmişcəsinə hərəkət edərlər. Yalnız çıxardıqları zülallar deyil, öz şəkilləri də sonrakı vəzifələrinə uyğun olaraq fərqliləşər. Sinir hüceyrəsi olacaq hüceyrələr, elektrik siqnallarını çatdıra bilmələrinə imkan verəcək şəkildə, uzunsov quruluş qazanarlar. Oynaq hüceyrələri isə təzyiqə davamlı olan kürəcik şəkli seçərlər.
Sümük hüceyrələri də digərləri kimi yenə embrion mərhələsində meydana gələr. Adi bir görünüşə sahib bəzi hüceyrələrdə, ortada heç bir səbəb yoxkən kalsium yığılmağa başlayar və bunun sayəsində çox sərt bir toxuma inkişaf edər. Bu sərt toxuma olduqca güclüdür, kilolarla ağırlığı ömür boyu daşıya biləcək xüsusiyyətdə hazırlanmışdır. Qırıldığı zaman özünü yenidən təmir edə bilir. Özünə bərabər möhkəmlikdəki bir maddəyə görə daha yüngüldür. İçindəki boşluqlar həm yüngül, həm də elastik və möhkəm olmasını təmin edir.
Əgər sümüyün içində bu boşluqların elastikliyi olmasa ən kiçik bir zərbədə qırılardı. Günümüzün müasir inşaatlarında istifadə edilən "qəfəs sistemləri" sümükdəki bu mükəmməl quruluşun sadə bir təqlidindən başqa bir şey deyil. Bunlar sümükdə olduğu kimi, həm möhkəmliyi, həm də elastikliyi təmin edirlər.

 

 

ƏVVƏLDƏN BİLİNƏN AN-GƏLƏCƏYİ GÖRMƏK

Ana qarnında zaman içində meydana gələn fərqli hüceyrələrin embrion inkişaf etdikcə bir-birlərinə ehtiyacları olduğu ortaya çıxar. Əzələ hüceyrələrinin özlərinə oksigen daşıyacaq qırmızı qan hüceyrələrinə ehtiyacları vardır. Qırmızı qan hüceyrələrinin də var olmaq üçün sümük iliyi hüceyrələrinə ehtiyacları vardır.
Amma embrionun inkişaf mərhələsində nə istifadə edə biləcəyi əzələsi, nə də əzələyə ehtiyacı olacağı bir mühit vardır. Nə də o qan hüceyrələrini daşıya biləcəyi bir dövran sistemi vardır. Bu halda ana qarnındakı ət parçası gələcəyi görür, irəlidə qarşılaşacağı mühitə, ehtiyacı olacağı xüsusiyyətlərə görə lazımlı vəsaitin istehsalını çox əvvəldən düşünüb edir. Belə bir istehsalın edilə bilməsi üçün hüceyrənin məlumat anbarı olan DNT-dəki lazımlı məlumatların faylları (genləri) əvvəldən bilinən bir anda açılmalıdır. Bu cür üstün bir zaman planının hüceyrələr tərəfindən edilə bilməyəcəyi, sistemin hüceyrə içində proqramlaşdırılmış olaraq hazır olduğu açıqdır.

 

 

HÜCEYRƏNİN ZAMAN VƏ MƏKAN PLANI

İnsan bədəninin inkişafını bir binanın inşasına bənzətmişdik. Binanın istehsalında olduğu kimi hüceyrənin istehsalında da müəyyən bir plan izlənir. Lakin orqanizmin inşası üçün yalnız bir inşaat planı da qeyri-kafidir. Eyni zamanda hansı işin nə vaxt, hansı sırada ediləcəyini göstərən bir planlaşdırmaya da ehtiyac vardır. İnşaatın harada və nə vaxt başlayacağını və planın tək-tək parçalarının hansı zaman sırasına görə ediləcəyini bildirən proyektlər yoxdursa, ən yaxşı plan belə bir işə yaramaz. Bir binada təməldən başlayıb, divarlar bitdikdən sonra ən son damı yerləşdirməli olduğunu bilirik. Amma elektrik və su təsisatı tamamlanmadan da suvağa keçə bilmərik. Daha divarlar hörülərkən, sonradan elektrik naqillərinin və su borularının içindən keçə biləcəyi uyğun boşluqlar buraxılmalıdır.

Necə ki, hər inşaatda eynilə tətbiq olunan inşaat planıyla birlikdə, təfərrüatlı zaman tənzimləməsi də vardır.
İnsanın inşası və hüceyrələr üçün də belə bir planlaşdırma lazımdır. Ancaq hüceyrələrdə hansı planın digərindən daha əvvəl reallaşdığı mövzusunda demək olar ki, heç bir şey bilinmir. Hüceyrənin, əlindəki planın hansı hissəsini nə vaxt dövrədən xaric etməli olduğunu və buna kimin nəzarət etdiyini də bioloqlar hələ də tapa bilməmişlər. Bəzi genlər, yəni hər xüsusiyyətə və orqana aid fayllar, tam lazım olduğu anda və doğru zamanda əngəllənərkən, bəziləri üzərindəki kilidlərin necə olur da qalxdığı, təzyiqçi genlər ilə təzyiqi ortadan qaldıran genləri hərəkətə keçirən əmrləri kimin verdiyi, elm adamlarına görə tamamilə qaranlıq cavabları olan suallardır.

Bilinməyən bir hakimiyyət genlərin doğru zamanda və doğru yerdə, necə, nə vaxt hərəkətə keçmələri lazım olduğunu təyin edir. Beləcə də hər hüceyrə mütəxəssisləşəcəyi budaqda istehsala başlayaraq ehtiyacı olan zülalları əldə edər. Məsələn, dəri hüceyrələri keratin deyilən xüsusi zülal cəhətdən zəngindirlər. Keratin, dəriyə xüsusi qorunma qabiliyyətini verən zülaldır. Əzələ hüceyrələri myosin deyilən bir zülalla sarılmışdır. Bu zülalın xüsusi qabiliyyəti, oxşar zülaldan təsirlənib uzunluğunu dəyişdirə bilməsidir. Beləcə, əzələ liflərinin sıxılmasına gətirib çıxararlar. Beyin hüceyrələri isə elektrik çatdırmağa köməkçi zülallar ehtiva edərlər. Digər bütün mütəxəssisləşmiş toxumaların hüceyrələri, hüceyrənin xüsusi xarakterini təyin edən özlərinə xas zülalları çıxararlar.

Beləcə, bəzi hüceyrələr dəri hüceyrəsi olmaq üçün keratin çıxarmağa, digərləri əzələ hüceyrəsi ola bilmək üçün myosin çıxarmağa başlayarlar. Əslində, bütün hüceyrələrdəki DNT-lərdə həm keratin, həm də myosin üçün lazım olan bütün genlər olar. Bir başqa sözlə, genlər istifadəyə hazır olaraq gözləyərlər. Ancaq dəri hüceyrələrində keratin üçün lazım olan genlər istifadə edilərkən, myosin ilə əlaqədar genlər xaric olunar. Xəbərçi RNT-ni çıxaran ferment, DNT-dən yalnız keratin ilə əlaqədar genləri tapıb oxuyar və onları hüceyrənin istehsal mərkəzi olan ribosoma aparar. Bunun sayəsində hüceyrə, myosin yaxud özüylə əlaqəsi olmayan başqa hər hansı bir zülal deyil, keratin çıxarar. Artıq, başqa hər hansı bir hüceyrə deyil, dəri hüceyrəsi halına gəlmişdir. Əzələ hüceyrələrində isə DNT-nin miyosin çıxaran geni oxunar, keratinlə əlaqədar gen xaric olunar.

Embrion inkişaf edərkən, DNT, proqramlı bir sıralama ilə genlərinin hər birini sırası gəldikcə istifadə etməli, digərlərini də dövrə xarici buraxa bilməlidir. Müəyyən növdən bir hüceyrə meydana gəlməsi yüzlərlə zülal tələb edir. Digər bir sözlə, bu hüceyrələrdə bir çox gen istifadə edilərkən, daha çoxu da (başqa hüceyrələrin mütəxəssisləşdiyi zülalları kodlaşdıran genlər) dövrə xarici buraxılar. DNT bütün genlərlə birlikdə, bu genlərin nə vaxt işə başlayacağını, nə vaxt dövrə xarici buraxılacağını da bilməlidir. Əgər DNT-nin bu idarəsi olmasa, yəni hüceyrələrin ehtiyacları olan genlərlə birlikdə istənməyən digər genlər də hərəkətə keçsə, bədən bir-birinə girmiş fərqli cins hüceyrələrdən ibarət olan ət topuna dönəcək.
Nəticədə, yenə eyni əsrarəngiz həqiqətlə qarşı-qarşıya qalarıq. Ortada möhtəşəm bir plan və ağıl varkən, belə bir ağıla sahib ola biləcək heç bir gözlə görülər varlıq yoxdur. Demək ki, ağılın və planın sahibi, gözlə görülməyən üstün güc sahibi Yaradıcı olmalıdır.

 

MÖCÜZƏVİ SƏYAHƏT

Ana qarnındakı inkişaf əsnasında milyardlarla hüceyrədən hər birinin özünə aid olan yerə yerləşməsi lazımdır. Bunun üçün hüceyrələr, embrion içində meydana gəldikləri yerdən aid olduqları yerə doğru, ağlasığmaz bir səfər edərlər. Buna "hüceyrə köçü" deyilir. Bu səfər əsnasında gediləcək ünvanın doğruluğu qədər planlaşdırma da çox əhəmiyyətlidir. Ananın qarnındakı bu inkişaf əsnasında millimetrin yüzdə biri qədər ediləcək kiçik bir yer səhvi və ya saniyənin yüzdə biri qədər müddətdə ediləcək planlaşdırma səhvi; ayaqları başdan, qulaqları sinədən çıxarda bilər. Ancaq heç bir səhv edilməz.
Hüceyrələr gedəcəkləri yerə qədər embrion içində uzun bir səfər edər, bu səfərdə də xüsusi bir yol izləyərlər. Gedəcəkləri yerə çatdıqlarında getdikləri yeri tanıyıb burada dayanarlar. Yəni milyardlarla hüceyrə, gediş yollarını, gedəcəkləri yerləri bilərlər və bundan əlavə, yola çıxmağa, aid olduqları yerə gəlincə də dayanmağa qərar verərlər. Bütün bunların nəticəsində məsələn, heç vaxt mədə hüceyrələri ilə qaraciyər hüceyrələri bir-birlərinə qarışmaz. Mükəmməl işləyən daxili orqanlar, qollar, ayaqlar, yəni insan bədənindəki orqanlar qarışıb bir ət yığını halına gəlməzlər. Başlanğıcdakı ət parçası beləcə, yavaş-yavaş insan şəklini alar. Ən kiçik bir qarışıqlıq və nizamsızlıq meydana gəlməz.
Bu hadisədə köç edən hüceyrələrin və çatdıqları yerdə yapışacaqları hüceyrələrin bir-birlərini sanki tanımaları mümkündür. Nümunə olaraq, sinir sistemi inkişaf edərkən milyonlarla neyronun (sinir hüceyrəsi) bir-birləriylə əlaqələrini qura bilmək üçün yoldaşlarını tapma səyində olduqları müşahidə edilmişdir. Yoldaşlarını tapmaqla da qalmaz, meydana gətirəcəkləri orqanın son şəklini və quruluşunu meydana gətirəcək möhtəşəm bir mühəndislik dizaynı içində qüsursuz olaraq birləşərlər. Məsələn, beyin hüceyrələri, aralarındakı lazımlı məlumat ünsiyyətini təmin edəcək təxminən 120 trilyon elektrik əlaqəsi qurarlar. Bu, bənzərinə hələ rast gəlinməmiş ağlasığmaz elektron təchizatda tək bir əlaqə səhvi, ya da qısa dövrənin nələrə səbəb olacağını təxmin etmək çox çətin deyil.
Trilyonlarla hüceyrənin bir-birləriylə uyğunlaşma içində hərəkət etdiklərini və yenə trilyonlarla hüceyrənin içində səhvsiz bir hesab və planla yoldaşlarını tapdıqlarını söylədik. Halbuki, heç bir şəkildə düşünmə, planlaşdırma, yolunu tapma kimi qabiliyyətləri olmayan hüceyrənin belə bir qarışıqlığın içindən tək başına çıxması və yolunu tapıb doğru yerə çatması qeyri-mümkündür. Aydındır ki, ona yolunu göstərən, getməli olduğu yerə çatdıran, hər şeyi idarə və hakimiyyəti altında saxlayan bir gücün rəhbərliyi sayəsində hərəkət edir. Buna görə yolunu çaşması, azması, səhv yerə getməsi, yoldaşlarını qarışdırması kimi bir vəziyyət mümkün deyil.

 

XƏRÇƏNG

Gözünüzlə heç bir zaman görə bilməyəcəyiniz, gündəlik həyatda fərqində belə olmadığınız, əhəmiyyət vermədiyiniz hər hansı bir orqanınızdakı hər hansı bir hüceyrə... Bu hüceyrə digər trilyonlarla yoldaşıyla uyğunlaşma içində yaşayarkən, birdən nə olduğu bilinməyən bir səhv olsa, etməməli olduğu bir şeyi etməyə başlayarsa nə olar? Bu kiçik canlı o günə qədər 24 saat vəzifəsini edərkən, birdən birə səhv bir işə girişsə və bölünməməli olan bir anda bölünməyə başlayarsa və çoxalmağa davam edərsə nə olar?
Məhz, heç fərqində olmadığımız o kiçik canlı, milyonlarla insanın həyatına son verən xərçəng hüceyrəsi olar.

 

XƏSTƏ HÜCEYRƏLƏR

Xərçəng, ən ümumi tərifiylə, hüceyrə tərəfindən ortaya çıxan və səbəbi hələ aydın olmamış anormal bir haldır. Bu anormal hal, bədənin hər hansı bir yerində, hər hansı bir hüceyrədə və hər hansı bir zamanda başlaya bilər.
Xərçəng hüceyrələri, qonşuları olan normal hüceyrələrə görə daha sürətli çoxalarlar. Daha əvvəl araşdırdığımız kimi normal hüceyrələrin böyümə mərhələləri vardır, amma bu sonraları yetkinliyə çatıldıqda dayanar. Xərçəng hüceyrələri isə, qida qaynağı tapdıqları müddətcə, heç bir zaman bölünməyi dayandırmazlar.
Xərçəng hüceyrələrin ətraflarındakı hüceyrələrlə hər zamanki əlaqələrində bir dəyişiklik olar. Əvvəlkindən daha müstəqil, "eqoist", hətta "pis qonşu" davranışı sərgiləyərlər. Məsələn, hüceyrə yapışqanlığını itirərlər. Bu yapışqanlıq, inkişafın ən əhəmiyyətli faktorlarından biridir; bölünən hüceyrələr səthlərindəki xüsusi zülallar sayəsində qonşularıyla bir-birlərinə yapışma meyli göstərərlər. Normal hüceyrələrin bu əsas xüsusiyyətinin itməsi, xəbis böyüməyə, yəni xərçəngə gətirib çıxaran əhəmiyyətli bir ünsürdür.

Yuxarıdakı iki xüsusiyyətin birləşməsi; yəni hüceyrə bölünməsinin artan sürəti ilə birlikdə, hüceyrə yapışqanlığının itməsi öldürücüdür. Bu, yeni və uyğunsuz, qəribə bir toxumanın, doğulduğu nöqtədən sürətlə yayılaraq böyüməsi deməkdir. Daha da pis bir şey reallaşa bilər; xərçəng hüceyrələr "metastaz" edə bilərlər, başqa bir sözlə qan dövranıyla bədənin başqa yerlərinə gedib, orada yeni xərçəng koloniyalar meydana gətirə bilərlər. Zaman keçdikcə bu xəbis hüceyrələr, içində doğulduqları bədəni ağrılar içində öldürərlər.
Normal hüceyrələrdə bölünmə proqramını dayandıran məhdudiyyətlər və qadağalar vardır. Hüceyrə bölünməsinin qadağan edilməsi, hüceyrələr müəyyən bir boşluğu doldurduqlarında və ya əvvəldən təyin olunmuş toplu kütləyə çatdıqlarında ortaya çıxar. Bu sərhədlərin nə olduğu, necə işlədiyi, bölünmənin başlanğıc və bitmə əmrlərini nəyin verdiyi tibb tərəfindən hələ də bilinmir. Bilinən tək şey, bu qadağanların qalxmasının xərçəngin başladığı mənasını verdiyidir.

Xərçəng hüceyrələri qida tapdıqca, sərhədsiz çoxalma qabiliyyətlərini davam etdirərlər. Qidalarının qaynağını da qurbanları olan, içində yaşadıqları bədən meydana gətirər. Bədəndə 100 trilyon hüceyrəni bəsləyən qan dövranı sistemi, yəni qan, xərçəng hüceyrələrinə də ehtiyacları olan qidanı aparar. Xərçəng hüceyrələrinin sürətlə çoxalmasıyla, mövcud damarlar, bu acgöz varlıqları bəsləmək üçün qeyri-kafi qalarlar. Amma xərçəng hüceyrələri bu maneəni də aşarlar. Yaxınlarındakı damar hüceyrələrini yeni qan damarları çıxarmağa məcbur edərlər. Qan damarları beləcə xərçəng kütləsinin içinə qədər uzanar və xərçəng hüceyrələri yenidən bölünməyə başlayarlar. Qan damarları böyüyüb daha çox qida daşıdıqca, xərçəng kütləsi də gedərək böyüyər. Aparılan tədqiqatlar xərçəng hüceyrələrinin, qan damarlarının böyüməsinə səbəb olan bir maye ifraz etdiklərini göstərir. Bu epidemiyanın nə olduğu, xüsusiyyətləri və hüceyrələri nə şəkildə təsir etdikləri tibb tərəfindən hələ də açıqlanmamışdır.

Bu həqiqətən də çox maraqlı bir vəziyyətdir. Xərçəng hüceyrəsi həyatını davam etdirmək üçün müasir texnologiyayla belə sintez edilə bilməyən, hətta nə olduğu belə heç cür həll edilə bilməyən bir maddəni çıxarır. Beləcə, damar hüceyrələrinə təsir edərək özünə qida daşıyacaq yeni damarlar hazırlatdırır. Bu nöqtədə zəruri bir sual ilə qarşı-qarşıya qalarıq: Görəsən xərçəng hüceyrəsi bütün bu məlumata necə sahib olmuşdur?

Bu işi "özbaşına" edə bilməsi üçün; damar hüceyrəsinin çoxalma mexanizmlərindəki bizim bilmədiyimiz sirləri həll etmiş olması və bu məlumatlar istiqamətində çıxardığı maddəni ifraz edərək damar hüceyrələrini hərəkətə keçirməsi və özünə xidmət etdirməsi lazımdır. Bu vəziyyətdə, xərçəng hüceyrəsini bizdən daha üstün ağılın sahibi olaraq görməliyik.
Unudulmamalı olan əhəmiyyətli bir nöqtə, bədəndəki xərçəngi başladan ilk xəstəlik yaradan hüceyrənin də əslində doğuşdan xərçəng bir hüceyrə olmamasıdır. Normal bir hüceyrə ikən, birdən nə olduğunu bilmədiyimiz bir əmr ilə pozulmağa başlayar və xərçəng hüceyrəsi halına gələr. Yaxşı, sonradan xərçəng hüceyrəsi halına gəldiyinə görə, damar hüceyrələrinə təsir edərək xərçəngi bəsləyəcək yeni damarlar çıxaran, az əvvəl sözünü etdiyimiz o "fövqəladə" mayenin düsturunu haradan öyrənir?
Şübhəsiz, Allahın bu şəkildə xərçəngi yaratmasının ardında böyük bir incəlik və əhəmiyyətli bir məqsəd vardır. Allah xərçənglə, yaratdığı sistemdə ən kiçik bir dəyişiklik olduğunda bunun necə acı nəticə verəcəyini göstərir, insanlara Allaha qarşı olan zəifliklərini xatırladır.

Kim bilər, bəlkə bundan müəyyən bir müddət sonra tibb xərçəngin çarəsini tapacaq. Lakin bu çarə tapıldığında Allahın yaratdığı sistemin nə qədər möhtəşəm olduğu bir dəfə daha aydın olacaq. Əgər həll edilsə, yaradılmış bir mexanizmin təfərrüatlarına yaxşıca girilmiş və Allahın yaratma sənətindəki incəlik, qüsursuzluq, üstün ağıl və elm bir dəfə daha gözlər önünə sərilmiş olacaq.