Ana qarnındakı inkişafda müşahidə etdiyimiz digər bir möcüzə də mütənasib böyümədir.
Hər orqanın özü üçün təyin olunmuş bir böyüklüyü vardır. Bu böyüklüyə heç bir əskiklik yaxud artıqlıq olmadan nail olunması üçünsə, inkişafın planlaşdırılması çox yaxşı nizamlanmalıdır. Əl, ayaq, qulaq, göz kimi bütün cüt orqanlar eyni anda şəkillənməyə başlamalı, inkişafları eyni anda dayanmalı, bu inkişaf dayandığında da eyni böyüklüyə çatmış olmalıdırlar. Eyni şəkildə, meydana gələn orqanların simmetrik olması da, hüceyrələrin bərabər olaraq doğru bir planlaşdırma ilə hərəkət etmələri nəticəsində olar.
Orqanların bərabər zamanda böyümələrinin necə böyük və mühüm bir möcüzə olduğu, hadisənin tərsi düşünüldüyündə daha da yaxşı aydın olar. Orqanların fərqli sürətlərdə, bir-birlərindən müstəqil olaraq böyüdüklərini düşünək. Olacaq fəlakəti xəyal edə bilərsinizmi? Məsələn, beyinin özünü əhatə edən kəllədən daha sürətli böyüdüyünü düşünün. Həcmi kifayət qədər genişləməmiş kəllə beyini sıxışdırıb onun əzilməsinə, bu səbəbdən körpənin qısa müddətdə ölümünə gətirib çıxarardı. Yaxud da beyin kəlləni parçalayıb inkişafını davam etdirəcək, nəticədə həm beyini, həm də kəllə qutusu ziyan görmüş bir qəribə varlıq dünyaya gələcəkdi. Və ya dəri, bədənə nisbətlə daha yavaş inkişaf etsə, sürətlə inkişaf edən skelet və üzvlər dərini əvvəl gərib bir müddət sonra da cıraraq böyüməyə davam edəcəkdilər. Nəticədə ortaya, üzərində təmir edilməsi qeyri-mümkün dəri parçaları olan, yamaqlı və iyrənc bir görünüşə sahib bir cəsəd çıxardı. Bu mövzuda, hüceyrə pərdəsiylə hüceyrə orqanoidlərinin uyğun inkişafından, skeletlə daxili orqanlar arasındakı balanslı böyüməyə qədər bir çox nümunə verə bilərik.

Unudulmamalıdır ki, bütün bu saydığımız fəlakətlər, "təsadüfən" meydana gələcək bir inkişafın təbii nəticələridir. Bir başqa sözlə, əgər insan ana qarnında "təsadüfən" inkişaf etsə, yuxarda sayılan ölümcül qəzaların meydana gəlməməsi üçün heç bir səbəb yoxdur. Bunların meydana gəlməməsi və bizim dünyaya normal bir insan olaraq göz açmağımızın tək səbəbi, Allah tərəfindən nəzarət edilən bir yaradılışla yaradılmağımızdır. Quranda belə deyilir:

Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz. (Nəhl surəsi, 78)

Ana qarnındakı inkişaf davam edərkən, yuxarda sözünü etdiklərimizdən daha da ağlasığmaz bir hadisə reallaşar: Bölünən hüceyrələr çoxalmağa davam edərlərkən bəzi hüceyrələr özlərini öldürərək orqanların şəkil qazanmasını təmin edərlər. Məsələn, əl ya da ayaq inkişafı əsnasında bəzi hüceyrələrin müəyyən bir səbəbə görə ölmələri barmaqların ortaya çıxmasını təmin edər.

Əlbəttə, bu nöqtədə bu sualla qarşılaşarıq: Bu ölən hüceyrələr, əlin və ayağın quruluşunu əvvəlcədən bilirlər, irəlidə doğulub həyatına başlayacaq olan canlı bunları istifadə etsin deyə öz-özlərini öldürüb fəda mı edirlər? Ölən hüceyrələrin, nə uğrunda öldüklərini bilməklə qalmayıb, uğruna öldükləri orqanın quruluşunu, şəklini, hətta bu orqanın iş mexanizmlərini də bilmələri lazımdır.

Bir anlıq bütün bunları əvvəlcədən çox yaxşı bildiklərini fərz edək. Bu nöqtədə də təkamülün məntiqini kökündən çökdürən bir vəziyyətlə qarşılaşarıq. Təkamül, hər canlının həyat mübarizəsi verdiyi fikrinə əsaslanır. Halbuki, burada bəzi hüceyrələr, ümumi bir mənfəət üçün özlərini fəda edirlər. Görəsən insanlarda belə çətin rast gəlinən bir fədakarlıq hissinə haradan sahib olmuşlar? Yoxsa bir yerdən, istəsələr də istəməsələr də qəbul etmək məcburiyyətində olduqları, rədd etməyə güc çatdıra bilməyəcəkləri bir əmr almışlar?
İşin əsli, hər şey kimi insanın fiziki xüsusiyyətləri də, Allahın iradəsi və əmri ilə meydana gəlir. Az əvvəl bəhs etdiyimiz kimi, əlinizi, daha siz bir döl halındaykən Allahın özlərinə ölmələrini əmr etdiyi hüceyrələrin, ölümləri nəticəsində bir surət meydana gətirərək əlin şəklini meydana gətirmələrinə borclusunuz. İnsanın üz şəkli, onu qürurlandıran gözəlliyi, boyu və özünə aid hesab etdiyi digər bütün xüsusiyyətləri, "hüceyrə" adını verdiyimiz çox kiçik canlılara Allah tərəfindən etdirilən hərəkətlər nəticəsində meydana gəlir.

O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)

O qədər qüsursuzdur ki, bir ət yığınının bir neçə millimetrlik bir örtüylə örtülməsi nəticəsində ən gözəl varlıq olan insan ortaya çıxır.
Bütün insanların burunları demək olarki eyni ölçüdədir. Bu ölçülərin əsrlərdir eyni qalmasının səbəbi burun şəkillənərkən hüceyrələrin bir mərhələdən sonra bölünməni dayandırıb orqanın müəyyən bir ölçüdə qalmasını təmin etmələridir. Beləcə, kimsənin burnu fil xortumu kimi uzun olmadığı kimi, kimsənin üzündə də inkişafını tamamlamamış yarım bir burun olmaz. Bütün orqanlar bir-birləriylə uyğunlaşma içində həmişə özlərinə əmr edildiyi ölçüdə böyüyərlər.

Ölçüləri eyni olduğu halda hər kəsin yalnız özünə xas üzü olması bir möcüzədir. Hər kəsin iki qulağı, iki gözü, iki qaşı, bir burnu və bir ağzı olduğu halda dünya üzərində yaşayan milyardlarla insan bir-birlərindən fərqli üzlərə sahibdirlər. Yəni bu mükəmməl təşkilat hər kəsdə fərqli bir şəkildə olur və saysız bir müxtəliflik təmin edilir. Gözəl bir üz ilə çirkin bir üz arasındakı fərq, üzü meydana gətirən hüceyrələrin bölünmə planları arasındakı fərqdədir.

Allah bəzən bu mükəmməl sistemin nə qədər böyük bir nemət olduğunu xatırlatmaq üçün insana ibrətlər də sərgiləyir. Allahın bu planlamada edəcəyi kiçik bir dəyişiklik nəticəsində, ortaya böyük şikəstliklər, hətta qəribə canlılar ortaya çıxar. Yenə, Allahın əmri ilə, hüceyrələr bölünməni dayandıra bilmədikləri və çoxalmağa davam etdiklərində isə xərçəng dediyimiz xəstəlik ortaya çıxar. Bundakı hikmət, insana sahib olduğu hər şey üçün Allaha şükür etməli olduğunu xatırlatmaqdır. Əgər Ona şükür etməzsə, "Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni kişi qiyafəsinə salmış Rəbbinə küfrmü edirsən?" (Kəhf surəsi, 37) sualıyla qarşılaşacaq və inkarının cəzasını çəkəcəkdir.